Azərbaycan Qırmızı Kitabı
Azərbaycan Respublikasının Qırmızı Kitabı — Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
== Kitab haqqında ümumi məlumat ==
Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü və 140 bitki növü haqqında məlumat əks etdirirlir.
Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.
Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.
Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib.
== Qırmızı kitabın ikinci nəşri ==
Qanunvericiliyə əsasən, hər on ildən bir yeni nəşrin çap olunması nəzərdə tutulsa da, kitabın II nəşri 24 il gecikib.